Vətən Müharibəsinin Şanlı Zəfər səhifələrinə nəzər yetirdikcə qürur hissi keçirir, tarixi qələbəmizə şahidlik etdiyimiz üçün özümüzü xoşbəxt insan sayırıq. Artıq Qarabağa qayıdış ərəfəsindəyik. İllərdir doğma yurdlarına həsrət qalan həmvətənlərimiz öz dədə-baba torpaqlarına qayıdırlar. Erməni vandalları işğal etdiyi torpaqlarımızda talançılıq edib, tarixi abidələri dağıdıblar. Daş üstə daş qoymayan ermənilərin cinayətləri dünyanın güzü qarşısında baş versə də, təcavüzkar dövlətə heç bir cəza verilmədi. Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular. İşğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işləri başlayıb, avtomobil, hava və dəmiryol infrastrukturu qurulur. Biz inanırıq ki, Qarabağa qayıdış prosesi də tez müddətdə başa çatacaqdır. Cənab Prezidentimizin hər çıxışı, hər əməli xalqımıza gözəl günlər bəxş edir. Bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur. Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə çıxışında qeyd edir ki, Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Biz Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərini gördük. Bu gün Cəbrayıl yarımstansiyası istifadəyə verildi. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Mən tapşırıq vermişəm, ermənilər tərəfindən, - onlar qaça-qaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə, - dağıdılmış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik. Yəni, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Bu, əsasdır. Çünki bu olmasa, heç nə etmək mümkün olmayacaq. Xalqımız necə ki, Vətən Müharibəsində Ordumuza dəstək oldu, eləcə də Qarabağın bərpası işlərində də həmrəy olmalıyıq. Azərbaycanı daha güclü görmək istəyən hər vətəndaş Cənab Prezidentimizin ətrafında sıx birləşməklə onun siyasətinə sadiqlik nümayiş etdirməlidir.Məqaləni hazırladı: Qalib Quliyev,Xocalı rayon sakini